Ölkəmizdə Maarifçi Fondu fəaliyyət göstərəcək

Ölkəmizdə Maarifçi Fondu fəaliyyət göstərəcəkBunu Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ANS-in "Hesabat" verilişinə müsahibəsində (21.02.2016) qeyd edib.

- Maarifçi Tələbə Kredit Fondunun yaradılması ilə bağlı müzakirələr gedir. Bu fondun yaradılmasında əsas məqsəd nədir?

Bu fond bir məqsəd üçün yaradılıb. Məqsəd ondan ibarətdir ki, biz ali təhsil səviyyəsində təhsil alan tələbələrə tələbə kreditlərinin və gələcəkdə imkan olarsa, tələbə qrantlarının verilməsi üçün bir alət yaradırıq. Biz bu prosesə təxminən bir il bundan öncə başlamışıq. Təəssüflər olsun ki, Təhsil Nazirliyinin dövlət büdcəsində bunun üçün xüsusi məqsəd olmadığına görə, biz bu layihəyə Təhsil Nazirliyinin tabeliyində olan 10 ali təhsil müəssisəsini cəlb etmişik və bir sıra özəl şirkətlərlə də müzakirələr aparırıq. Maarifçi Fondu artıq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Fondun iştirakçısı olan 10 ali təhsil müəssisəsində yaxın aylardan başlayaraq fondun qaydalarına əsasən, belə krediti almaq üçün müraciət edən tələbələr bu imkandan yararlana biləcəklər. Bu kreditlər bir məqsəd daşıyır, təhsil haqqının ödənilməsi. Bu vəsaitin geri qaytarılması da tələbənin gələcəkdə əmək bazarında işə qəbul olandan sonra 5, 7 və yaxud 10 ilə həyata keçiriləcək.

Onu da əlavə edim ki, Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq, ali təhsil müəssisələri məzunlarının işə qəbulu barədə məlumat hazırlanıb. Bu məlumatlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Bu, valideynlər və məzunlar üçün çox faydalı məlumat olacaq. Çünki bununla açıq şəkildə hansı universitetin məzunu olduğu təqdirdə, məzunun işə düzəlmə şansının nə qədər olması barədə onlara məlumat veriləcək. Bu, həmçinin ali təhsil müəssisəsinin kütləviliyi və hansı ali təhsil müəssisəsinin seçilməsi kimi suallara da aydınlıq gətirəcək.

- Maarifçi Fondu hansı vəsait hesabına formalaşdırılacaq?

Bu layihəyə qoşulmuş 11 təhsil müəssisəsi hər biri öz kvotaları çərçivəsində təhsil haqqı dəyərində müəyyən sayda yer ayırıblar. Şərti olaraq deyək ki, Azərbaycan Dövlət İqtisad Universiteti bir tədris ili üçün 50 belə kreditin ödənilməsini öz üzərinə götürüb. Ancaq qiymətləndirməyə gəldikdə, yəni hansı tələbə bu krediti ala bilər? Bu, universitet tərəfindən yox, fond tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda fonda icraçı direktor təyin olunacaq, hər bir iştirak edən təsisçi tərəfindən nümayəndələr ayrılacaq.

Fürsətindən istifadə edərək, bu işin bünövrəsində olmaq istəyən sahibkarlara, iş adamlarına müraciət edirik. Çünki bu layihəni özəl sektorla tərəfdaşlıq layihəsi kimi dəyərləndiririk. Əgər onlar da qoşularsa, tələbənin yalnız təhsil haqqı ilə bağlı deyil, yaşayış xərcləri, digər ehtiyacları ilə bağlı da kredit verə bilərik.